Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının yeni rəhbəri Anna Bordonun Azərbaycana səfəri başlayıb.
Bu, onun missiyanın rəhbəri qismində Azərbaycana ilk səfəridir.
Anna Bordon iyunun 19-da Bakıda Mərkəzi Bankın sədri Taleh Kazımovla görüşüb.
“Görüş zamanı Azərbaycan Mərkəzi Bankı və BVF arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin BVF-nin Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüləcək işlər və Azərbaycanın gələcək inkişafı üçün BVF-nin dəstək proqramları müzakirə edilib”, - deyə AMB-dən bildirilib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
R.Əhmədov