Prezident İlham Əliyev iyunun 19-da 2023-cü il dövlət büdcəsinə dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi xəbərə görə, dövlət büdcəsinin əlavə gəlirləri 3 milyard 5,5 milyon manat təşkil edəcək. Beləliklə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat məbləğində və ya əvvəlki proqnoza nəzərən 9,8% çox proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirlərinin 52,5%-i və ya 17 milyard 739,7 milyon manatı neft sektorunun, 47,5%-i və ya 16 milyard 39,8 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 8,9%, qeyri-neft sektoru üzrə isə 10,8% artacaq.
Dövlət büdcəsi gəlirlərinin 14 milyard 932 milyon manatı (əvvəlki proqnoza nəzərən +11,4%) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 5 milyard 728 milyon manatı (+20,6%) Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 milyard 737,7 milyon manatı (+4,1%) Dövlət Neft Fondundan transfertin, 801 milyon manatı (+10,3%) büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə daxilolmaların, 580,8 milyon manatı (3,3%) sair gəlirlərin payına düşür.
2023-cü il dövlət büdcəsində neftin bir barelinin baza qiyməti $50-dən $60-a çatdırılıb (2023-cü ilin yanvar-aprel aylarında “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $85,8 təşkil edib).
2023-cü il dövlət büdcəsinin xərcləri 3 milyard 215,5 milyon manat və ya 9,6% artırılaraq 36 milyard 568,8 milyon manata çatdırılıb.
Xərclərin strukturuna daxil olan cari xərclərə 22 milyard 39,3 milyon manat (əvvəlki proqnozla müqayisədə +3%), əsaslı xərclərə 13 milyard 347 milyon manat (+38,6%), dövlət borcuna xidmətlə bağlı xərclərə 1 milyard 182,5 milyon manat (+17,7%) vəsait yönəldiləcək.
Əlavə xərclər Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə; ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə; dövlət borcuna xidmət göstərilməsinə (177,5 milyon manat); nəqliyyat və energetika sahəsində infrastruktur layihələrinin həyata keçirilməsinə (347,5 milyon manat); iqtisadi dəstək tədbirlərinə (347,5 milyon manat) və digər məqsədlərə yönəldiləcək.
2023-cü il dövlət büdcəsinin kəsiri 210 milyon manat artırılaraq 2 milyard 789,3 milyon manata çatdırılıb. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5% həcmində olacaq.*
A.Əzizov