Bazar ertsi Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə yeni təyin olunan missiya rəhbəri Anna Bordonu qəbul edib. Bu barədə “iİnterfaks-Azərbaycan” Maliyyə Nazirliyinə istinadən məlumat verir.
“Görüşdə cari ilin oktyabr ayında Mərakeşdə keçiriləcək BVF-nin və Dünya Bankının illik toplantılarından sonra baş tutacaq Fondun Azərbaycan üzrə IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri, o cümlədən bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillər üzrə mümkün istiqamətlər diqqət mərkəzində olub”, - məlumatda deyilir.
Bundan başqa, tərəflər 2022-ci ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icra vəziyyəti, habelə 2023-cü il və ortamüddətli dövr üçün gözləntilər, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, sosial-iqtisadi sahədə yeni təşəbbüsləri müzakirə ediblər.
“Görüş zamanı ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun ölkə iqtisadiyyatında payının artması, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar üzrə geniş fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Şərifov böyük maliyyə resursları tələb edən Böyük Qayıdış proqramının ölkənin daxili maliyyə resursları hesabına həyata keçirildiyini vurğulayıb.
Öz növbəsində, Bordo Fond tərəfindən ölkəmizin əsas iqtisadi qurumlarının texniki dəstəyə olan ehtiyaclarının Fondun yeni fəaliyyətə başlamış Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi və ya birbaşa BVF-nin mərkəzi ofisi tərəfindən qarşılanmasına hər zaman hazır olduqlarını vurğulayıb.
Bundan başqa, Bordo Fondun Azərbaycanda ofisinin bağlanması ilə əlaqədar missiya səfərlərinin təşkilati məsələlərinə dair təkliflərini təqdim edib. **
X.Nəsirzadə