İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev Fondun fəaliyyətini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, tərəflər Türk İnvestisiya Fondunun fəaliyyət mexanizmi, Fondun investisiya layihələrinin prioritet istiqamətləri, sərmayələrin stimullaşdırılması imkanları, bu yöndə atılacaq addımları müzakirə ediblər.
“Görüşdə həmçinin digər fondlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq məsələləri, onların təcrübəsindən, həmçinin Azərbaycanın bu sahədə mövcud təcrübəsindən yararlanmaq təklif edilib”, - nazirlikdən vurğulanıb.
Fond öz fəaliyyətini həyata keçirərkən regiondaxili ticarətin təşviqinə kömək etmək, xüsusilə mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək məqsədilə “yaşıl” iqtisadiyyata keçidin dəstəklənməsinə yönəlmiş layihələrə üstünlük verir.
“İnterfaks-Azərbaycan” xəbər verib ki, Fondun nizamnamə kapitalı $500 milyon təşkil edəcək.
Fondun kapitalı 5 ölkənin – Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın vəsaiti (hər bir ölkə $100 milyon) hesabına formalaşacaq.
Təşkilatın mənzil qərargahı İstanbulda yerləşəcək. Nizamnamə kapitalı hər birinin nominal dəyəri $50 min olan 10 min ədəd səhmə bölünəcək.
Nizamnamə kapitalı $350 milyon məbləğində ödənilmiş və $150 milyon məbləğində cəlb olunan səhmlərə bölünür.
Hər bir ölkə ödənilmiş səhmlərə görə 4 ödəniş həyata keçirəcək: ilkin ödəniş $5 milyon, qalan ödənişlər müvafiq olaraq $18 milyon, $23 milyon və $24 milyon (hər bir ölkə üçün cəmi $70 milyon) təşkil edəcək.
Cəlb olunan səhmlər çərçivəsində hər bir ölkənin payı $30 milyon təşkil edəcək.
Fond TDT-yə üzv ölkələrin iqtisadi potensialının inkişafına, eləcə də onlar arasında iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsinə və birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək.**
B.Rüstəmbəyov