Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Bakının Laçın yoluna blokada tətbiq etməsi ilə bağlı iddialarını rədd edir.
“Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 22 iyun tarixli iclasında səsləndirdiyi, Azərbaycanın Laçın yolunda guya Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq "qeyri-qanuni blokada" tətbiq etməsinə dair cəfəng fikirləri qətiyyətlə rədd edirik”, - XİN-in bəyanatında deyilir.
Qeyd olunub ki, “məhz 15 iyun tarixində Ermənistan silahlı qüvvələrinin təxribatı Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib”.
XİN-dən vurğulanıb ki, Azərbaycan Qarabağ ermənilərini reinteqrasiya etmək niyyətindədir, “erməni əsilli sakinlərlə dialoq, habelə Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması məsələsi Azərbaycanın daxili işidir”
XİN-də hesab edirlər ki, “Ermənistan tərəfindən səsləndirilən və Azərbaycanın suverenliyini hədəf alan bu tipli fikirlər, habelə bölgədə törədilən hərbi təxribatlar bu ölkənin "sülhün bərqərar olması üçün hər cür səy göstərən" tərəf olduğuna dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir”. **
R.Kərimov