Rəsmi Bakı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinə əlavə təminatın verilməsinə zərurət görmür və İrəvanın müvafiq bəyanatını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Biz bir sıra səbəblərə görə bu cür ilkin şərti (əlavə təminatın verilməsi ilə bağlı İrəvanın irəli sürdüyü – İF) qəbul etmirik.... Əsas səbəb bunun daxili məsələ (Azərbaycanın – İF) olmasıdır. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar Qarabağın erməni əhalisinin hüquqlarını təmin etmək üçün bütün lazımi şəraiti təmin edir”, - deyə Bayramov “Reuters” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, erməni sakinlər Azərbaycan cəmiyyətinə reinteqrasiya çərçivəsində digər etnik azlıqlar kimi öz dillərindən istifadə edə, mədəniyyətlərini qoruyub saxlaya, öz dillərində təhsil ala biləcəklər.*
R.Kərimov