Nazirlər Kabineti koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətini 2023-cü il oktyabrın 2-nə qədər (06:00) uzadıb.
“Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti 1 iyul saat 06:00-da başa çatırdı. Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr saat 06:00-dək uzadılıb”, - deyə hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayının ortalarından tətbiq olunur. Bununla belə, koronavirusla bağlı bir çox məhdudiyyətlər ləğv edilib.
İyunun 22-nə olan vəziyyətə görə, Azərbaycanda COVID-19-a yoluxma hallarının ümumi sayı 831 min 918-ə çatıb, 821 min 603 nəfər müalicə olunaraq sağalıb. Ölənlərin ümumi sayı 10 min 282 nəfər təşkil edir. Aktiv xəstə sayı 33 nəfərdir.
2021-ci ilin yanvar ayından indiyədək COVID-19 infeksiyası əleyhinə 14 milyon dozaya yaxın vaksin vurulub.*
R.Kərimov