“AzerTelecom” və “Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalanıb. Bu barədə Qazaxıstan şirkətinin mətbuat xidməti məlumat yayıb.
Sənəd Qazaxıstanın baş naziri Alixan Smailovun Bakıya səfəri çərçivəsində imzalanıb.
“Azərbaycanın paytaxtında imzalanmış sənəd Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin məqsəd və vəzifələrini müəyyən edir (...)”, - deyə məlumatda bildirilir.
Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan irimiqyaslı “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin bir hissəsidir.
Artıq gələcək sualtı xəttin dizaynı (high-level design, HLD) işlənib hazırlanıb, layihənin həyata keçirilməsinin müfəssəl yol xəritəsi təsdiqlənib.
Xəbər verildiyi kimi, operatorlar layihəni 2024-cü ilin sonuna kimi reallaşdırmaq niyyətindədirlər. Sualtı xəttin əsas marşrutu Aktaudan Siyəzənə qədər uzanacaq və uzunluğu 340 kilometrdən çox olacaq, uzunluğu 330 km olan ehtiyat kanal isə Qazaxıstanın Kurık limanından Bakının yaxınlığında yerləşən Buzovnaya qədər çəkiləcək.*