2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 5,5% - 21 milyard 285,5 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Mayda bankların və BOKT-ların kredit portfeli 1,3% və ya 279,6 milyon manat artıb.
Mayın sonuna vaxtı keçmiş kreditlərin həcmi 490,09 milyon manat (hesabat dövründə azalma 17,5% - İF) və ya bütün kreditlərin 2,3%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il mayın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 4229,38 milyon manat (artım 9,8%) və ya bütün kreditlərin 19,9%-i, özəl banklar tərəfindən 16 milyard 429,88 milyon manat (artım 4,4%) və ya bütün kreditlərin 77,2%-i həcmində kredit verilib. Qalan 626,3 milyon manat (artım 6,2%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Mayın sonuna verilmiş kreditlərin ümumi həcmindən 17 milyard 227,2 milyon manat (artım 6,4%) milli valyuta, 4 milyard 58,28 milyon manat (artım 1,7%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,1% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 359,49 milyon manat (bütün kreditlərin 15,8%-i) ticarət və xidmət sahələrinin, 697 milyon manat (3,3%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 539,1 milyon manat (2,5%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 113,4 milyon manat (5,2%) tikinti sektorunun, 1 milyard 36,5 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 860,1 milyon manat (4%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 362,8 milyon manat (58,1%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-may aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 9,7% artıb (2022-ci ildə artım 31% təşkil edib).*
X.Nəsirzadə