İyunun 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.
“Nazir Ceyhun Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Koreya xüsusi nümayəndəsi, öz növbəsində, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.*
N.Abbasova