2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin gəlirliliyi -5,2% (2021-ci ildə +4,49%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə ARDNF-in 2022-ci il üzrə hesabatında bildirilir.
Fondun materiallarına əsasən, yaranma tarixindən 2022-ci ilin sonuna qədər ARDNF toplam $7,8 milyard gəlir əldə edib ki, bu da illik ifadədə 2,3% gəlirliliyə bərabərdir. Son 5 il ərzində (2018-2022-ci illər) fondun aktivlərinin idarə edilməsindən orta illik gəlirlilik 1,5% təşkil edib.
2022-ci ilin sonuna olan vəziyyətə görə, ARDNF-ə ümumilikdə $184 milyard məbləğində vəsait daxil olub, bunun $7,8 milyardını (4,2%) investisiya gəlirləri, $176,2 milyardını (95,8%) isə neft-qaz sazişlərindən gəlirlər təşkil edib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
R.Əhmədov