Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payını 50%-ə qədər azaltmağı planlaşdırır.
Fondun 2022-ci il üzrə illik hesabatına əsasən, investisiya portfelinin strukturunda sabit gəlirli qiymətli kağızların payı 62,1% ($30 milyard 429 milyon) təşkil edir.
Eyni zamanda, ARDNF investisiya portfelinin strukturunda səhmlərin, daşınmaz əmlakın və qızılın payını artırmağı planlaşdırır.
Fond səhmlərin payını 25%-ə qədər (2022-ci ilin yekunları üzrə ümumi investisiya portfelində səhmlərin payı 19,6% və ya $9 milyard 609 milyon təşkil edib), daşınmaz əmlakın payını 10%-ə qədər (2022-ci ilin yekunları üzrə 6,2% və ya $3 milyard 50 milyon), qızıln payını 15%-ə qədər (12,1% və ya $5 milyard 944 milyon) artırmağı hədəfləyib.
2022-ci ilin sonuna ARDNF-in investisiya portfeli $49 milyard 33 milyon təşkil edib.
1999-cu ilin dekabr ayında yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov