Azərbaycanın faktorinq bazarında liderlərdən biri olan “Ferrum Capital” QSC 2,5 milyon manat məbləğində istiqrazların emissiyasını planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, emissiya bir qiymətli kağızın nominal dəyəri 1000 manat olan 2,5 min ədəd istiqraza bölünüb.
İstiqrazların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi 13% (faiz ödənişləri 90 gündən bir olmaqla həyata keçiriləcək) təşkil edəcək.
Cəmiyyət istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti faktorinq əməliyyatlarının genişləndirilməsinə yönəldəcək.
“Ferrum Capital” faktorinq şirkəti 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədilə yaradılıb. Şirkət, həmçinin lizinq və lombard seqmentində də xidmətlər göstərir. 2017-ci ildən indiyədək şirkət ümumilikdə 142,87 milyon manat məbləğində kredit verib, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 2,12% təşkil edir.
2022-ci ilin sonuna QSC-nin aktivləri 56,94 milyon manata, öhdəlikləri 46,9 milyon manata, kapitalı təxminən 10 milyon manata bərabərdir. Ötən il şirkətin xalis mənfəəti 2,16 milyon manat təşkil edib.
“Ferrum Capital” QSC-nin səhmdarları 2 hüquqi (9% pay) və 2 fiziki şəxsdir (91%). Cəmiyyətin nizamnamə kapitalı 2 min manata bərabərdir. Şirkətin əsas səhmdarı 68% payla Qafar Dəmirçidir.
“Ferrum Capital” indiyədək ümumilikdə 7,35 milyon manat məbləğində istiqrazların emissiyasını həyata keçirib.*
R.Əhmədov