2022-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Londondakı daşınmaz əmlakının investisiya dəyəri yenidən qiymətləndirmədən sonra 10,9% bahalaşaraq 193,5 milyon funt sterlinq təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə ARDNF-in 2022-ci il üzrə hesabatında deyilir.
Ötən il ARDNF-in Parisdəki daşınmaz əmlakının investisiya dəyəri yenidən qiymətləndirmədən sonra 197 milyon 773,087 min avro təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4% azdır.
2022-ci ildə ARDNF-in Moskvadakı daşınmaz əmlakı da 15,1% ucuzlaşaraq 2,681 milyard rubl təşkil edir.
İl ərzində fondun Tokiodakı daşınmaz əmlakının investisiya dəyərində isə cüzi artım qeydə alınıb. İnvestisiya dəyəri 0,2% artaraq 56,9 milyard yapon yeni (təxminən $400 milyon) təşkil edib.
Birbaşa investisiyalar Moskva, London, Paris və Tokio şəhərlərində yerləşən dörd əmlak olmaqla ARDNF-in daşınmaz əmlak portfelinin 21%-ni ($3,1 milyard) təşkil edir.
ARDNF-in məlumatına görə, 2022-ci ildə fondun daşınmaz əmlak investisiyaları üzrə gəlirliliyi 9,2% olub.
“Daşınmaz əmlak investisiyaları yarandığı ildən bəri 6,8% illik gəlirlilik olmaqla, ümumi $1,3 milyard qazanc əldə edib”, - deyə ARDNF vurğulayır.*
X.Nəsirzadə