160 ölkədən 2 milyondan çox müsəlman Həcc ziyarətində iştirak məqsədilə Məkkəyə gəlib. Bu barədə bazar ertəsi Qərb mediası xəbər verir.
Bu il COVİD-19 koronavirus pandemiyası başlandıqdan sonra ilk dəfə olaraq Həcc ziyarəti virusa qarşı məhdudiyyətsiz keçir. Krallıqda rekord sayda ziyarətçi gözlənilir.
«Bu il tarixin ən böyük Həcc ziyarətini görəcəyik», - daha öncə Səudiyyə Ərəbistanının Həcc Nazirliyindən bəyan edilib. Nazirliyin məlumatına görə, Məkkəyə 2,5 milyondan çox zəvvar gələcək.
KİV qeyd edir ki, bu il ziyarətçilər üçün ən ciddi problemlərdən biri havanın yüksək temperaturudur. Bazar ertəsi Məkkədə müsbət 46 dərəcə temperatur qeydə alınıb. Səhiyyə Nazirliyi dindarlara çətirlərdən istifadə etməyi, xəstə və yaşlı insanlara günvurmanın qarşısını almaq məqsədilə günorta saatlarında otaqlarda qalmağı tövsiyə edib.
Həcc ziyarətində təhlükəsizliyi təmin etmək üçün helikopterlər və pilotsuz təyyarələr səmadan müşahidə həyata keçirir. **