ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bəyan edib ki, Vaşinqton Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır.
“Biz bunun mümkün olduğuna inanırıq və ümid edirik”, - deyə o, Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, ABŞ Ermənistanı və Azərbaycanı fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çağırıb. “Biz regionun probleminin həll yolunun davamlı sülhdən keçdiyini görürük”, - deyə o əlavə edib.
Kuin vurğulayıb ki, ABŞ Ermənistan və Azərbaycan arasında danışıqları dəstəkləməyə davam edəcək. Məqsəd bölgədə hər kəsə davamlı və ədalətli sülh gətirəcək nəticəyə nail olmağa çalışmaqdır.
“ABŞ nə etməyə çalışır? Sülh gətirməyə çalışır. ABŞ sərhəddə həyati təhlükə yarada biləcək atışmalara qarşıdır. Biz tərəfləri qoşunları qarşılıqlı şəkildə geri çəkməyə çağırırıq, ümid edirik ki, tərəflər bu barədə razılığa gələcəklər”, - deyə ABŞ səfiri əlavə edib.*
R.Əhmədov