2023-cü ilin birinci yarısında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazın satışından $4 milyard 350 milyon məbləğində gəlir əldə edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
ARDNF-in AÇG blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlir $3 milyard 328 milyon (azalma 31,3% - İF) təşkil edib.
Bu dövrdə ARDNF “Şahdəniz” yatağından çıxarılan mənfəət qazı və kondensat satışından $1 milyard 2 milyon məbləğində gəlir (artım 58,2%) əldə edib. Fondun kondensat satışından gəlirləri $210,851 milyon (azalma 3,9%), qaz satışından gəlirləri $791,149 milyon (artım 1,9 dəfə) təşkil edib.
2022-ci ildə ARDNF AÇG blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və qazının satışından $11 milyard 332 milyon məbləğində gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 65,4% çoxdur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və “Cənub Qaz Dəhlizi” QSC-dir (21,02%).
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir. “Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova