2023-cü ilin birinci yarısı ərzində Azərbaycanda fermerlərə 1,2 milyon manat ümumi məbləğdə sığorta ödənişi edilib. Bu barədə “İnterfaks-Azərbaycan” Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat verir.
“Aqrar Sığorta Fondu bu ilin ilk 6 ayında sığorta hadisələri üzrə fermer və təsərrüfatlara təqribən 1,2 milyon manat sığorta ödənişi edib və bu məbləğ artmaqdadır”, - məlumatda deyilir.
Nazirlikdən bildirilir ki, son günlər havaların kəskin dəyişməsi, gur yağışlar, dolu yağması və baş verən sel-daşqınlar nəticəsində fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri rekord həddə çatıb. “İlin əvvəlindən indiyədək sel-subasma və leysan halları ilə əlaqədar sığorta hadisələri üzrə quruma 1 mindən artıq müraciət daxil olub”, - məlumatda vurğulanır.
Aqrar Sığorta Fondu 2022-ci ildə sığorta hadisələri üzrə fermer və təsərrüfatlara 2,4 milyon manat sığorta ödənişi edib. **
X.Nəsirzadə