Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev İraq Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
“Görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsi aparıldı.Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirildi”, - dövlət başçısının saytında məlumat verilir.
Tərəflər Azərbaycan-İraq münasibətlərinin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. “Xüsusilə, turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi”, - məlumatda deyilir. **
N.Abbasova