Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.
Azərbaycan liderinin saytındakı məlumata əsasən, Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən “çox ciddi şəkildə” araşdırıldığını bildirən iranlı nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi.
Prezident Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirdi.
İran XİN başçısı Bakı ilə Tehran arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu dedi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırdı.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu. **
R.Kərimov