İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan söz verib ki, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcək.
“Azərbaycanın İrandakı səfirliyində hadisə törədən şəxsin istintaqı yekunlaşıb. Bu cinayəti törədən şəxsə ən ağır və şiddətli cəzalar veriləcək”, - iranlı nazir Bakıda jurnalistlərə açıqlamasında deyib.
İran XİN başçısı həmçinin qeyd edib ki, diplomatik korpusun təhlükəsizliyi ilə əlaqədar hər hansı şəxsin və ya qurumun da iştirakı isbat olunarsa, onlar da öz cəzalarını alacaqlar.
Xəbər verildiyi kimi, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan hökuməti terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsi ilə bağlı qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmir.**
B.Rüstəmbəyov