Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 2023-cü ilin may ayında Azərbaycanın dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə hökm oxunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi yerli KİV-lərə istinadən xəbər verir.
Hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onların hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbər verildiyi kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan dövlət sərhədinin pozulması, Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq edilməsi ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittihamlar elan edilib.
Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviç barəsində cinayət işi iyunun 21-də baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.*
X.Nəsirzadə