İyulun 7-də Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.
İclas Azərbaycan Respublikası baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini, komissiyanın Rusiya tərəfindən sədri Aleksey Overçukun sədrliyi ilə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, tərəflər Azərbaycan-Rusiya dostluq əlaqələrinin hərtərəfli inkişafından məmnunluq ifadə ediblər.
“Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq, şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir”, - deyə məlumatda bildirilir.
İclasda vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında iqtisadi-ticarət münasibətləri çox müsbət dinamikaya malikdir, 2022-ci ildə əmtəə dövriyyəsi 24 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatıb.
Müzakirələr zamanı qarşılıqlı investisiyalar sahəsində əməkdaşlığın dinamik inkişafı qeyd edilib. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının biznes dairələri arasında birbaşa təmasların yaradılmasına töhfəsi müsbət qiymətləndirilib.
Tərəflər, həmçinin sənaye kooperasiyasının uğurla inkişaf etdiyini bildiriblər. Vurğulanıb ki, aqrar-sənaye kompleksində əməkdaşlıq yaxşı templərlə inkişaf edir.
İclasda qeyd olunub ki, tərəflər nəqliyyat-logistika əlaqələrinin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan ilə Rusiya arasında yükdaşımaların həcminin artmasında müsbət dinamika təmin edilib, bu göstərici 2022-ci ildə 36 faizdən çox olub.
Tərəflər inkişafına birgə səylərin yönəldildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsini prioritet kimi qiymətləndiriblər. Onlar, həmçinin qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı perspektivlərini müzakirə edib, qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını bildiriblər.
Sonda Mustafayev və Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 21-ci iclasının protokolunu imzalayıblar.*
Xəbərlər şöbəsi