Prezident İlham Əliyev iyulun 8-də “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında” sərəncam imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, dövlət başçısının saytında dərc olunmuş sərəncama əsasən, proqramın təsis edilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrində əcnəbilərin təhsilinə dəstək verməkdən ibarətdir.
Proqram İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində təhsili üçün təsis edilib.
Təhsil qrantı 2024-2025-ci tədris ilindən başlayaraq hər il 100 təhsil qrantı olmaqla 5 il müddətində verilir.
Qrant Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və təhsil qrantı alacaq şəxslərin ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Nazirlər Kabinetinə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydasını və həmin təhsil qrantının məbləğini iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Xarici İşlər Nazirliyinə Elm və Təhsil Nazirliyi ilə birlikdə, hər il may ayının 1-dən gec olmayaraq, təhsil qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında təhsil qrantı alacaq şəxslərin siyahısını müəyyənləşdirmək tapşırılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq illər üzrə dövlət büdcəsi layihəsində nəzərdə tutulması ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.*
Xəbərlər şöbəsi