İran qonşu ölkədir və Bakı həmişə Tehranla münasibətlərin müsbət inkişafında maraqlı olub. Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son zamanlar tərəflər arasında gərginlik yaranıb.
“Bunun ciddi səbəbləri var. İranın xarici işlər nazirinin səfərini (5-6 iyul tarixlərində Bakıya) müsbət qiymətləndiririk. Səfər zamanı münasibətlərin normallaşmasını müzakirə etmək imkanımız oldu. İranın münasibətlərin normallaşması istiqamətində ciddi addım atmaq niyyətini hiss edirik. Azərbaycan da adekvat addımlar atacaq”, - deyə nazir bildirib.
Bayramov əlavə edib ki, Azərbaycan İrandakı səfirliyimizə hücumun (2023-cü ilin yanvar ayında – İF) təqsirkarlarının cəzalandırılmasını istəyir.
O bildirib ki, bu məsələ ilə bağlı rəsmi Bakının ciddi gözləntiləri var.
“İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılmasının konkret səbəbləri var”, - deyə XİN başçısı qeyd edib.
İranla münasibətlərə toxunan nazir vurğulayıb ki, Azərbaycan-İran münasibətləri regional inkişaf və təhlükəsizlik baxımından önəmlidir.
Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti 2023-cü il yanvarın 29-dan dayandırılıb. Təbrizdəki Baş Konsulluq isə fəaliyyətini davam etdirir.*
V.Əliyev