2023-cü ilin birinci yürısında Azərbaycanda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19 533 cinayət qeydə alınıb, cinayətlərin açılması 90% təşkil edib. Bu barədə daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.
“2023-cü ilin birinci yarısında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 19.533 cinayət qeydə alınıb və bu cinayətlərin 95,5%-i daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub”, - Əzimov bazar ertəsi Daxili İşlər Nazirliyində 2023-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, hesabat dövrü ərzində həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə ümumi cinayətlərin 90%-i, o cümlədən “isti izlər”lə 1605 cinayət açılıb.
Əzimov məlumat verib ki, həyata keçirilmiş tədbirlərlə 395 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 275 nəfər cinayət məsuliyyətinə cəlb edilib, axtarışda olan 3291 şəxs tutulub.
Bundan başqa, 2023-cü ilin yanvar-iyun aylarında qeyri-leqal dövriyyədən 2 ton 921 kiloqram (ötən ilin eyni dövrü ilə müqayisədə 946 kiloqram çox) narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 143 ton narkotik xassəli bitki aşkarlanaraq məhv edilib, deyə nazirin birinci müavini yekun vurub. **
İnformasiya şöbəsi