2023-cü ilin birinci yarısında Gəncə Avtomobil Zavodu İB-də traktor istehsalı 58,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan”a zavoddan məlumat verilib.
“2023-cü ilin birinci yarısında Gəncə Avtomobil Zavodu 364 ədəd traktor istehsal edib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 58,3% çoxdur”, - zavodda qeyd ediblər.
Bundan başqa, yanvar-iyunda zavodda 147 KAMAZ, 50 ədəd konbayn və 18 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb.
“Ümumilikdə, fəaliyyət göstəridiyi dövr ərzində zavodda 13 minə yaxın müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 668 KAMAZ, 591 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 879 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb”, - müəssisədən əlavə ediblər.
1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü 30 min ədəd ortatonnajlı avtomobil istehsalı üçün hesablanıb. Müəssisənin tikintisi layihəyə görə 1989-cu ilin sonlarına qədər başa çatmalı idi. Lakin SSRİ-nin dağılması nəticəsində zavodun tikintisi dayandırılıb. Zavod 2004-cü ilin dekabrında işə düşüb.
2022-ci ildə Gəncə Avtomobil Zavodu ümumilikdə 78 milyon manat ($45,88 milyon) dəyərində məhsul istehsal edib, bu da 2021-ci ilin göstəricəsindən 1,8 dəfə çoxdur. **
B.Rüstəmbəyov