Bakı və Pekin Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasını 2023-cü ilin sonunadək Çində keçirməyi planlaşdırır.
Çərşənbə axşamı Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev ilə Çin Xalq Respublikasının səfiri Quo Min ilə görüşü zamanı müvafiq razılıq əldə edilib. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının cari ilin sonunadək Çində keçirilməsi ilə bağlı razılıq əldə olunub”, - məlumatda deyilir.
Qeyd edilir ki, görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub, iqtisadi-ticari, enerji, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Hökumətlərarası Komissiyanın son iclası 2021-ci il oktyabrın 27-də videokonfrans formatında keçirilib. **
R.Kərimov