“Abşeron” qaz-kondensat yatağının ehtiyatı ilkin hesablamalara görə təqribən 300 milyard kubmetr təşkil edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Bir neçə gün bundan əvvəl mənə məlumat verildi ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. Əlbəttə, “Şahdəniz” qaz yatağından “Abşeron” yatağı ehtiyat nöqteyi-nəzərindən daha kiçikdir, ilkin hesablamalara görə təqribən 300 milyard kubmetrdir. Amma mən tam əminəm ki, daha çox olacaq”, - Əliyev çərşənbə axşamı 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın həm enerji təhlükəsizliyi daha yüksək səviyyədə təmin edəcək, həm də ixraca gedən qazın həcmi ildən-ilə artacaq - təkcə “Şahdəniz” yatağı hesabına deyil, o cümlədən “Abşeron” yatağı hesabına.
“Abşeron”un birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır. Yenə də deyirəm, biz gözləyirdik ki, kəşfiyyat olacaq, amma sözün düzü, bu qədər gözəl nəticələri gözləmirdik. Bu, çox gözəl bir xoş xəbər oldu və Azərbaycanın enerji potensialına kölgə salmağa çalışan bəzi dırnaqarası ekspertlərə də çox yaxşı, tutarlı cavab olmuşdur. Ona görə bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək”, - Əliyev qeyd edib. **
B.Rüstəmbəyov