2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7 milyard 148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2% artıb.
İstifadə olunmuş vəsaitin 4 milyard 322,9 milyon manatı və ya 60,5%-i məhsul istehsalı sahələrinə, 2 milyard 426,6 milyon manatı (33,9%-i) xidmət sahələrinə, 398,8 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 939,4 milyon manatını (bütün investisiyaların 27,1%-ni) xarici, 5 milyard 208,9 milyon manatını (bütün investisiyaların 72,9%-ni) daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 48,7 milyon manatı və ya 70,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 5,5% artıb.**
B.Rüstəmbəyov