2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 26 milyard 312,6 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 14 milyard 842,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 2,1%), 11 milyard 469,7 milyon manatlıq qeyri-ərzaq malları (artım 4,2%) satılıb.
2023-cü ilin yanvar-iyun aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 12,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,1%, fərdi sahibkarlar üzrə 4,1%, bazar və yarmarkalarda 4,2% artıb.
Hesabat dövründə əhalinin bir nəfəri orta hesabla ayda 244 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,5 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.**
B.Rüstəmbəyov