2023-cü ilin iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1% artaraq 916,8 manat (cari məzənnə ilə $539,3 – İF-Az) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2023-cü il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 839,4 manat ($493,8), fevralın 1-nə 856,2 manat, martın 1-nə 854,5 manat, aprelin 1-nə 901,3 manat ($530,2), mayın 1-nə 913,9 manat ($537,6) təşkil edib.
2023-cü il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və ya 1,2% artaraq 1 milyon 726,3 min nəfər (2023-cü il mayın 1-nə 1 milyon 734,2 min nəfər) olub, onlardan 898,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,2%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə