“Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulları dənizə yola saınması üçün “STB-1” barjına yüklənib.
“ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “STB-1” barjına yüklənib”, - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) məlumatında deyilir.
Platfomanın üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19,6 min ton, hündürlüyü 36 metrdir.
“İnterfaks-Azərbaycan” xəbər verdiyi kimi, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku bu ilin mart ayında “STB-1” barjı ilə dənizə göndərilib. Azərbaycan prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
BP-Azerbaijan şirkətinin məlumatına görə, tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri-Mərkəzi-Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.
“Azəri-Mərkəzi-Şərqi” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Qazma işləri “TURAN Drilling Company” tərəfindən həyata keçiriləcək.
Layihənin məqsədi əlavə quyular qazmaqla və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır.
19 aprel 2019-cu il tarixində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri $6 milyard təşkil edir. Bunun təxminən $3,2 milyardını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.
Layihə suyun 137 metr dərinliyində, “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb.
Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Layihə çərçivəsində BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
2022-ci ildə sözügedən müqavilə sahəsindən neft hasilatı 9% azalaraq təqribən 152 milyon barel (20 milyon ton) təşkil edib. Hasilat 6 platformadan həyata keçirilir.**
N.Abbasova