Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasına yönələn sülh gündəliyinə sadiqdir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ABŞ Dövlət katibi Antoni Blinken ilə telefon danışığı zamanı bəyan edib.
“Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb”, - Azərfbaycan liderinin mətbuat xidməti telefon danışığının yekunlarına dair məlumat verir.
Qeyd olunur ki, Əliyev Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.
Dövlət başçısı həmçinin Blinkenə məlumat verib ki, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən silahlı təxribat törədilib, o cümlədən, Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq halları aşkar edilib və “hazırda bu xüsusda araşdırmalar aparılır”.
Öz növbəsində, Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib.
“Dövlət katibi Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub”, - məlumatda deyilir.
Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. **
R.Kərimov