Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant cümə axşamı Bakıda keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişafını müzakirə ediblər. Bu barədə MN-dən məlumat verilir.
“Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”, - nazirliyin məlumatında deyilir.
Həsənov ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının “təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını” qeyd edib.
İsrailin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edən Qallant “Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını” vurğulayıb.
“Görüşdə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi qeyd edilib. Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb”, - MN-nin məlumatında deyilir. **
R.Kərimov