2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 5 milyard 865,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 2 milyard 897 milyon manat məbləğində heyvandarlıq, 2 milyard 968,2 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,7%, bitkiçilik məhsullarının istehsal həcmi 3% artıb.
Yanvar-iyun aylarında respublikada 285,4 min ton ət (artım 3,1%), 1 milyon 122,9 min ton süd (artım 2,7%), 1 milyard 107,4 milyon ədəd yumurta (artım 12%), 14 min ton yun (azalma 2,8%) və 356,6 ton barama (artım 5,1%) istehsal edilib.
İyulun 1-nə ölkədə 7 milyon 322,3 min qoyun və keçi, 2 milyon 545,3 min baş iribuynuzlu mal-qara, həmçinin 1 milyon 253,9 min inək və camış, 5,114 min donuz qeydə alınıb. İnək və camışlar iribuynuzlu mal-qaranın 49,3%-ni təşkil edir.
Yanvar-iyunda quşçuluq müəssisələrində diri çəkidə 40,3 ton quş əti (ötən ilin yanvar-iyun aylarıilə müqayisədə azalma 2,4%), 510,4 milyon ədəd yumurta (artım 30%) istehsal edilib.
Ümumilikdə, iyulun 1-nə bu müəssisələrdə quşların ümumi sayı 11 milyon 714,2 min təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 134 ədəd yumurta əldə olunub.
Hazırda Azərbaycanda yazlıq bitkilərin əkini tamamlanıb.
İyulun 1-nə 350 min hektar məhsul əkilib, həmçinin 61,9 min hektar dənli və paxlalı bitkilər (29,1 min hektar qarğıdalı daxil olmaqla), 49,5 min hektar kartof, 61,2 min hektar tərəvəz, 17,2 min hektar bostan bitkiləri, 94,2 min hektar – pambıq, 10,5 min hektar günəbaxan, 4,5 min hektar şəkər çuğunduru, 2,9 min hektar tütün, 45,6 min hektar çoxillik bitkilər, 1,3 min hektar birillik bitkilər, 1,2 min hektar digər yazlıq bitkilər əkilib.
Yanvar-iyun aylarında ASK subyektləri tərəfindən 2 milyon 74,6 min ton dənli və paxlalı bitkilər (qarğıdalı daxil olmaqla) (azalma 1,1%), 431,3 min ton kartof (artım 1,9%), 831,2 min ton tərəvəz (artım 4,6%), 111,7 min ton bostan bitkiləri (аrtım 3,1%), 161,1 min ton meyvə və giləmeyvə (аrtım 7,1%), 882 ton tütün (аrtım 6,9%) və 546,2 ton yaşıl çay yarpağı yığılıb (аrtım 36%).
Statistik məlumatalara əsasən, Azərbaycanda 2023-ci ilin birinci yarısında istixanalarda becərilən pomidorların həcmi 202 min ton, xiyar - 7,9 min ton təşkil edib. Hesabat dövründə ölkədə ümumi sahəsi 1,6 min ha olan 3 242 istixana olub.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci ilin göstəricisindən 3,4% çox).**
X.Nəsirzadə