2023-cü ildə OPEC Azərbaycanda orta gündəlik maye karbohidrogen hasilatını 0,7 milyon barel səviyyəsində proqnozlaşdırır, bu da 2022-ci ilin göstəricisinə uyğundur.
Bu barədə təşkilatın “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi aylıq hesabatında qeyd olunur.
Hesabata əsasən, mayda Azərbaycanda gündəlik maye karbohidrogen hasilatı orta hesabla 0,7 milyon barel təşkil edərək ötən ay ilə müqayisədə bütövlükdə stabil qalıb, lakin 2022-ci ilin may ayının göstəricisi ilə müqayisədə gündəlik 65 min barel azalıb. Gündəlik neft hasilatı orta hesabla 511 min barel, kondensat hasilatı – 145 min barel təşkil edib.
OPEC-in məlumatına görə, bu il “Azəri-Günəşli-Çıraq” (AÇG) kimi neft yataqlarında neft hasilatının azalması digər yataqlarda – “Şahdəniz” və “Ümid-Babək”də hasilatın artırılması hesabına kompensasiya ediləcək.
2024-cü ildə OPEC Azərbaycanda gündəlik maye karbohidrogen hasilatını da 0,7 milyon barel orta səviyyəsində proqnozlaşdırır. Həmçinin, AÇG blokunda hasilat “Mərkəzi Şərqi Azəri” yeni platformanın istifadəyə verilməsi hesabına artırılmalıdır. **
N.Abbasova