Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2023-cü ilin birinci yarısında 23,391 min unsiya qızıl ekvivalenti (GEO) həcmində qiymətli metal hasil edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% azdır. Bu barədə şirkətin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, yanvar-iyun aylarında AAM Azərbaycanda 14,608 min unsiya qızıl (azalma 30,1%), 44,576 min unsiya gümüş (azalma 55,2%), 1,860 min ton mis (artım 42%) hasil edib.
Hesabat dövründə “Gədəbəy” yatağından 13,34 min unsiya qızıl (azalma 30,2%) və 26,434 min unsiya gümüş (azalma 57,7%) hasil edilib
“Birinci yarımillikdə dünya bazarlarında bir unsiyası $1,939 min olan 10,506 min unsiya qızıl külçə (azalma 6,8%) satılıb. 2022-ci ilin birinci yarısında hər unsiya üçün orta satış qiyməti $1,901 min təşkil edib”, - məlumatda bildirilir.
Şirkət məlumat verib ki, bu il qızıl ekvivalentdə 50 mindən 54 min unsiyaya qədər qiymətli metal istehsalına dair planlar qüvvədədir və artım strategiyasını uğurla həyata keçirməkdə davam edir.
"Bu ilin birinci yarısında biz “Anglo Asian”ın öz istehsal potensialını həyata keçirməyə və 2028-ci ilə qədər təxminən 36 min ton mis ekvivalenti istehsalçısına çevrilməsinə imkan verəcək strateji artım planımız barədə elan etdik. Bizim mis hasilatına dair strateji istiqamətimiz var və bu planın icrası uğurla aparılır", - “Anglo Asian»ın prezidenti və baş icraçı direktoru Reza Vəziri bəyan edib.
AAM-nın məlumatına görə, 2023-cü il iyunun 30-na “Anglo Asian Mining”in sərbəst pul vəsaitlərinin həcmi martın 31-nə $10,7 milyona qarşı $9,4 milyon təşkil edib. 2023-cü il iyunun 30-na şirkətin $4,5 milyon dəyərində 2,366 min unsiya qızıl və $4,4 milyon dəyərində mis konsentratı daxil olmaqla $8,9 milyon dəyərində satılmamış qiymətli metal ehtiyatları olub.
“2023-cü il iyunun 30-na olan vəziyyətə görə, şirkət hedcinq proqramı çərçivəsində unsiyası $1 min 947,5 dəyərində külçələrdə 1 min unsiya qızıl satışını sona çatdırıb. Bu, şirkətin LBMA Gold Price elektron auksionlarında $1 min 912,25 səviyyəsində qiymət fərqi hesabına hər unsiyadan $35,25 dəyərində əlavə gəlir əldə etməsini təmin edib”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (2021-ci illə müqayisədə azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb.
2023-cü ildə “Anglo Asian Mining” qiymətli metal hasilatını 50-54 min unsiya qızıl ekvivalentində proqnozlaşdırır. Bundan başqa, şirkət bu il qızıl hasilatını 30-32 min unsiya, mis hasilatını 4,1-4,3 min ton həcmində gözləyir.
“Anglo Asian Mining plc” şirkətinin 2023-2028-ci illəri əhatə edən strateji inkişaf planına əsasən, 2024-2025-ci illərdə Azərbaycanda 70-75 min unsiya, 2026-2027-ci illərdə 115-125 min unsiya, 2028-ci ildə 175 min unsiya qiymətli metal hasil ediləcək. Beləliklə, 2023-2028-ci illərdə qiymətli metal hasilatı 3,2-3,5 dəfə artacaq.**
N.Abbasova