“MİDA” MMC Füzuli yaşayış kompleksində bir sıra işlərin icrasına “Ricon” MMC-ni cəlb edib.
“İnterfas-Azərbaycan” www.etender.gov.az portalına istinadən məlumat verir ki, müqavilə çərçivəsində “Ricon” yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya, istilik, qaz) şəbəkəsinin tikintisi, abadlaşdırma və ərazinin yaşıllaşdırılması, istirahət parkının salınması işlərini həyata keçirəcək.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəei – 9 milyon 777 min 512,11 manatdır.
“Ricon” bütün işləri 10 yanvar 2024-cü ilədək yerinə yetirməlidir.
Xəbər verildiyi kimi, ümumi sahəsi 8,9 hektar olan Füzuli yaşayış kompleksi 38 binadan ibarətdir. Dördmərtəbəli, beşmərtəbəli, altımərtəbəli və yeddimərtəbəli binalarda ümumilikdə 846 mənzil olacaq. Onların 318-nin ikiotaqlı, 430-nun üçotaqlı, 98-nin isə dördotaqlı olması nəzərdə tutulur. İkiotaqlı mənzillərin sahəsi 54-68 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 71-109 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 92-108 kvadratmetr təşkil edəcək.
Kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Bütün binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək. **
R.Əhmədov