2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 190 milyon 200,3 min ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 76,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% artıb.
Hesabat dövründə dəmir yolu ilə 9 milyon 157,8 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 6,8% çoxdur.
Dəniz nəqliyyatı ilə 4 milyon 514,7 min ton (artım 21,7%), avtomobil nəqliyyatı ilə 60 milyon 760,8 min ton (artım 4,8%), hava nəqliyyatı ilə 143,8 min ton (azalma 41,4%) müxtəlif yük daşınıb. Yanvar-iyun aylarında daxili neft kəmərləri vasitəsilə 19 milyon 649,7 min ton neft (artım 10,7%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.**
B.Rüstəmbəyov