2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6% - 6 milyon 328,2 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmində 5 milyon 211,8 min ton və ya 82,4% beynəlxalq tranzit yüklərin, 17,6% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2022-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə 3% azalıb.
2023-cü il iyulun 1-nə Azərbaycanın limanlarında 273,3 min ton yük qalıb.
2022-ci ildə dəniz limanlarında 11 milyon 750,6 min ton həcmində yükləmə-boşaltma işləri (artım 32,4%) həyata keçirilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.**
N.Abbasova