2022-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin xalis zərəri 180,514 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 3,1 dəfə azdır.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, “Azərsu” ASC-nin saytında dərc olunmuş 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatına əsasən, cəmiyyətin satışdan gəlirləri 278,894 milyon manat (artım 6,1%), satışların maya dəyəri 134,225 milyon manat (artım 4,3%) təşkil edib.
2022-ci ildə “Azərsu” ASC-nin əməliyyat zərəri 178,169 milyon manat (azalma 3,1 dəfə) təşkil edib.
Hesabata əsasən, ötən il ASC-nin aktivləri 27,1% artaraq 1 milyard 298 milyon 5 min manata, o cümlədən uzunmüddətli aktivləri 12,3% artaraq 1 milyard 72,561 milyon manata, qısamüddətli aktivləri isə 3,4 dəfə artaraq 225,444 milyon manata çatıb.
Cəmiyyətin öhdəlikləri 15,6% - 668,881 milyon manata qədər artıb.
2022-ci ilin yekunları üzrə “Azərsu” ASC-nin kapitalı 629,124 milyon manat (artım 42%) təşkil edib. 2023-cü ilin əvvəlinə şirkətin yığılmış zərəri 2,3% artaraq 8 milyard 36,2 milyon manata, əlavə kapitalı 0,2% artaraq 7 milyard 104,078 milyon manata çatıb.
2022-ci ildə cəmiyyətin nizamnamə kapitalı 400 milyon manat səviyyəsində qalıb.
2023-cü ilin əvvəlinə dövlət investisiyaları 1 milyard 161,246 milyon manat məbləğində (artım 44,1%) qiymətləndirilir.*
X.Nəsirzadə