2023-cü ilin I yarısında Azərbaycana turist axını 44% artıb. Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.
“Cari ilin 6 ayı ərzində Azərbaycana 920 minə yaxın turist gəlib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 44% çoxdur”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Dövlət Statistika Komitəsindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 32,9%-i Rusiya Federasiyası, 19,2%-i Türkiyə, 7,7%-i İran, 5,2%-i Hindistan, 4,9%-i Gürcüstan, 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 2,3% olmaqla Pakistan və Qazaxıstan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, hər birindən 1,5% olmaqla Belarus və Ukrayna, 1,3%-i Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 12,5%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 72,2%-ni kişilər, 27,8%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40% artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9% azalaraq 134,2 min nəfər olub.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 16,3% artaraq 791,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 34,5% artıb, İrana gedənlərin sayı 31%, Türkiyəyə gedənlərin sayı 1,9% azalıb. Ölkə vətəndaşlarının 40,2%-i Türkiyəyə, 23,9%-i Rusiya Federasiyasına, 9,4%-i Gürcüstana, 7,9%-i İrana, 18,6%-i digər ölkələrə səfər edib. Gedənlərin 68,3%-ni kişilər, 31,7%-ni qadınlar təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8%-i hava, 29,8%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
X.Nəsirzadə