2024-cü ildə Azərbaycanda Halal Biznes və Turizm Forumu keçiriləcək.
Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycanda Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənəd İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi, Islam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA), Beynəlxalq İslam Biznesi Assosiasiyası, və "Caspian Event Organisers" MMC arasında imzalanıb.
Anlaşma Memorandumu 2024-cü ildə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsi ilə əlaqəli məsələlər üzrə birgə fəaliyyəti, müştərək layihələrin icrası üçün tədbirlərin keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığı tənzimləyir.
Həmçinin, iclas çərçivəsində KOBİA və ICCIA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumda Azərbaycan və ICCIA-ya üzv olan ölkələrin iş adamları, xüsusilə KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə məlumat və təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, birgə proqram və layihələrin reallaşdırılması nəzərdə tutulur. **
B.Rüstəmbəyov