2023-cü ilin birinci yarısı ərzində Aqrar Sığorta Fondunun sığorta haqları 13 milyon manat təşkil edib. Bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov məlumat verib.
“2021-ci ildə Fondun topladığı sığorta haqları 1 milyon manat, 2022-ci ildə – 6 milyon manat təşkil edib, 2023-cü ilin 6 ayı ərzində isə 13 milyon manata çatıb”, - Sadıqov Fondun mətbuat xidmətinə müsahibsıində deyib.
Onun sözlərinə görə, haqların həcminin artımı fermerlərin sığortaya marağının artmasından xəbər verir. “Biz düşünürük ki, növbəti il bu göstəricilər daha da artacaq”, - Sadıqov deyib.
O vurğulayıb ki, 2023-cü ilin əvvəlindən fermerlər tərəfindən respublika üzrə 400 min hektara yaxın əkin ərazisi sığortalanıb.
“2023-cü ilin əvvəlindən əkin sahələrinə dəyən zərərlərlə bağlı Fonda müraciətlərin sayı 7 minə çatıb. 2023-cü ildə 400 min hektara yaxın əkin ərazisi sığortalanıb və artıq bu ərazilərin 125–130 min hektarına müxtəlif dərəcədə - tam və yaxud qismən ziyan dəyib”, - o əlavə edib. **
R.Əhmədov