İyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin I yarısında 12% artaraq $54 milyard 915,1 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNF-in mətbuat xidmətindən məlumat verilib.
“2023-cü ilin ilk yarim ilində aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Qeyd edək ki, aktivlərin həcminin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənkənar gəlirlər töhfə verib”, - ARDNF-in məlumatında deyilir.
2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-in gəlirləri 11 milyard 701,4 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-in mənfəət neftinin və qazın satışından gəlirləri 7 milyard 854,6 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil edib. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 77,1 milyon manat təşkil edir.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəlirləri 977,6 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-in xərcləri 2 milyard 680,8 milyon manat təşkil edib.
Xərclərin strukturunda 2 milyard 661 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 5,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 3.6 milyon manat yönəldilib.
2023-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11 milyon manat təşkil edib.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova