Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Özbəkistan Respublikasının baş naziri Abdulla Aripovu qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən xəbər verir ki, görüşdə Əliyev ikitərəfli əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Aripovun Bakıya səfərinin əhəmiyyətini qeyd edib.
İkitərəfli münasibətlərin ildən-ilə daha da inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti gələcəkdə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni uğurlu layihələrin icra olunacağına əminliyini bildirib.
Aripov Özbəkistanda keçirilmiş seçkilərdən (2023-cü il iyulun 9-da – İF) sonra Şavkat Mirziyoyevi təbrik edən ilk dövlət başçısının məhz Prezident İlham Əliyev olduğunu qeyd edərək vurğulayıb ki, bu da dövlət başçıları və ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsidir.
Əliyev Bakı ilə Daşkənd arasında iqtisadi-ticarət, investisiyalar, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, sənaye sahələrində yeni layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
“Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti vurğulanıb, Azərbaycanda yaradılmış azad iqtisadi zonada Özbəkistan şirkətlərinin iştirakı perspektivləri qeyd edilib”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov