Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev avqustda Pakistanla preferensial ticarət sazişi (PTA) layihəsi üzərində işin başa çatdırılması və bu ilin oktyabr ayına qədər Bakı ilə İslamabad arasında tranzit ticarət sazişinin (TTA) imzalanması niyyəti barədə məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyi Pakistanın “Business Recorder” nəşrinə istinadən xəbər verir ki, Nəbiyev bu planlarla iyulun 19-da Pakistanın federal ticarət naziri Navid Kamarla görüşündə bölüşüb.
“Görüş zamanı Nəbiyev pakistanlı nazirə məlumat verib ki, preferensial ticarət sazişi üzərində işlərin avqustun birinci həftəsində başa çatdırılması gözlənilir, tranzit ticarət sazişinin isə avqustun sonuna qədər və ya sentyabr ayında imzalanması planlaşdırılır”, - deyə nəşr qeyd edir.
Nəbiyev əlavə edib ki, hazırda Azərbaycanın aidiyyəti qurumlarında TTA layihəsi ilə bağlı müzakirələr aparılır.
Öz növbəsində, Kamar tranzit ticarət sazişi üzərində işlərin vaxtında başa çatdırılması üçün yüksək səviyyəli birgə işçi qrupunun yaradılmasını təklif edib.
Hazırda yalnız Azərbaycanla Türkiyə arasında preferensial ticarət sazişi (1 mart 2021-ci il tarixindən) qüvvədədir.*
R.Kərimov