Azərbaycan Respublikasının baş naziri Əli Əsədov və Özbəkistan Respublikasının baş naziri Abdulla Aripov iyulun 19-da Bakıda enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyinin Özbəkistan hökumətinin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə qeyd olunub ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi ildən-ilə artır, neft-qaz, avtomobil, kənd təsərrüfatı, ipək və tekstil sənayesi və digər sahələrdə birgə layihələr uğurla həyata keçirilir.
“Qarşıdakı yüksək səviyyəli görüş və danışıqların gündəliyinin yeni praktiki məzmunla zənginləşdirilməsinə xüsusi diqqət yetirilib”, - deyə məlumatda vurğulanır.
Bundan başqa, tərəflər mədəni-humanitar əməkdaşlığın inkişafı üçün mədəniyyət günləri, kino həftələri, konsert və sərgilərin keçirilməsi təşəbbüsünü irəli sürüblər.
Həmçinin elm, səhiyyə və idman sahələrində qarşılıqlı mübadilənin aktivləşdirilməsi böyük əhəmiyyət kəsb edir.
Öz növbəsində, Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə hökumətlərin xətti ilə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə hazırlıq işləri tam sürətlə davam edir.*
B.Rüstəmbəyov