İyul ayının 19-da Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2023-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan dövrdə Baş İdarəyə vətəndaşların 5387 müraciəti daxil olub.
Hesabat dövründə Baş İdarədə 203 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 166 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 37 material üzrə isə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib.
Əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb, keçirilmiş 19 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 18 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində Baş İdarə tərəfindən 218 şəxs barəsində 144 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib. Həmin işlərdən 18 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və rəhbərləri məhkəmə məsuliyyətinə verilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
İstintaqı tamamlanmış cinayət işlərindən 136 şəxs barəsində 68 iş ağır cinayətlər məhkəmələrinə, 4 şəxs barəsində 4 iş hərbi, eyni zamanda, 78 şəxs barəsində 72 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.
Hesabat yarımili ərzində Baş İdarə tərəfindən görülən tədbirlər nəticəsində özgə əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatının ödənilməsi təmin olunub.
Habelə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 1 milyon 85 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.*